Başlıcaİctimaiyyət

Azərbaycanda polisin keçirdiyi əməliyyat müxalif siyasi partiyalar tərəfindən etirazla qarşılanıb

Çevik Polis Alayının iyunun 8-də Yasamal rayon, Dadaş Bünyadzadə küçəsində keçirdiyi əməliyyat müxalif siyasi partiyalar tərəfindən etirazla qarşılanıb.

Müsavat Partiyası bəyanatla çıxış edərək polisin vətəndaşlara qarşı həddindən artıq güc tətbiq etməsini pisləyib. Partiyanın bəyanatında qeyd olunur ki, hüquq-mühafizə orqanları qanun çərçivəsində, məsuliyyətlə, hakimiyyətdən sui-istifadə etmədən hərəkət etməli və qanunlarda nəzərdə tutulmayan tədbirləri tətbiq etməməlidir.

Müsavat Partiyası hesab edir ki, qanun pozucularına qarşı xəbərdarlıq və son halda cərimələr tətbiq olunmalıdır. Müsavat Partiyası bu qanunsuz hərəkətlərə sanksiya verən və onları icra edən şəxslərin aşkarlanmasını və cəzalandırılmasını tələb edib.

AXCP sədri Əli Kərimli təəssüflənib ki, hakimiyyət xalqla yalnız zor dilində danışmağa üstünlük verir. Onun fikrincə, hakimiyyət indiyə qədər real müxalifətə düşmən kimi baxırdı, bugünkü hərəkətilə müxalifətə olan münasibətini xalqa yönəltdi.

AXCP sədri hökumətin Yasamal rayonundakı hərəkətinə görə üzr istəməsini tələb edir.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Yasamalda baş verənləri Azərbaycan polisinin tarixində silinməsi mümkün olmayan qara ləkə adlandırıb. İbadoğlu qeyd edib ki, 8 iyun hadisəsinə Prezident, Daxili işlər naziri münasibət bildirməli və hər kəs dinc vətəndaşa qarşı qeyri-adekvat güc tətbiqini pisləməlidir.

Daha çox göstər
Back to top button