Başlıcaİctimaiyyət

Azərbaycanda qalan Rusiya vətəndaşları Azərbaycan hökumətinin rüsum tələb etməsinə görə narazılıq edir

COVİD-19 pandemiyasına görə Azərbaycan vətəndaşlarından Rusiyada, Rusiya vətəndaşlarından isə Azərbaycanda qalanlar var. Sərhədlər bağlı olduğu üçün həmin insanlar ölkələrinə, evlərinə dönə bilmirlər.

Yüzlərlə azərbaycanlı Samur Keçid Məntəqəsində (SDK) qalıb. Deyirlər ki, onlara həmin ərazilərdə yaşayan azərbaycanlılar kömək edir. Çoxunun pulu da yoxdur, bitib. Buna görə gecələməyə yer tapmaq problemi də yaranıb.

Meydan.tv-ə əsasən, Azərbaycanda qalan Rusiya vətəndaşlarının isə şikayəti fərqlidir. Məsələn, Cavid Sərdarov deyir ki, ölkədə qalmaq müddəti bitib. Dünən Miqrasiya Xidmətinə gedərək 31 manat ödəyib və vaxtı uzadıb. O, burada öz istəyi ilə yox, məcburiyyətdən qaldığını deyir. Əlavə edir ki, buna görə Azərbaycan hökumətinin ondan rüsum tələb etməsi doğru deyil:

“Güzəşt edilməli idi. Çünki bu problem dünyada var və insanların səhvi deyil. Təkcə, Azərbaycan yox, elə Rusiyada da, Almaniya da, başqa ölkələr də nəzərə almalı, güzəştlər tətbiq etməliydilər. İnsanlar plansız şəkildə qalıb burda. Bəlkə birinin pulu bitib, ödəməyə imkanı yoxdur? Bunlar nəzərə alınmalıdır”.

Azərbaycana 1 aylıq gəlib, burada qalan Adil Mehdiyev də eyni cür düşünür. Deyir, həyat yoldaşı ilə martda Azərbaycana gələndən 2 gün sonra sərhəd bağlanıb və burada qalıblar. İndi onlardan adambaşına 31 manat ödəniş tələb edilir. Halbuki heç biri öz istəkləri ilə qalmayıblar.

Samur Keçid Məntəqəsində qalan azərbaycanlılar isə deyirlər ki, onlardan Rusiya hökuməti hər hansı ödəniş tələb etməyib. Ancaq orada ağır durumdadırlar və Azərbaycana keçmək istəyirlər.

Miqrasiya məsələləri üzrə hüquqşünas Asima Nəsirli deyir ki, Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmaması qanunsuzdur. Miqrasiya Məcəlləsində də deyilir ki, vətəndaş ölkəyə gəlmək və ölkədən getmək hüququndan məhrum edilə bilməz. Yenə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericilikdə var. Ancaq onun ölkəyə gəlməsinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb:

“Əgər Azərbaycan vətəndaşları karantin dövründə ölkəyə gəlmək istəyirlərsə, lakin onlara bunu etməyə izin verilmirsə, bu qanunsuzdur. Onları ölkəyə buraxmayan dövlət qurumu qanunda nəzərdə tutulmayan qadağa həyata keçirir”.

Azərbaycanda qalan Rusiya vətəndaşlarının durumuna gəlincə, Asima Nəsirli deyir ki, əcnəbilərə yaşayış izni veriləndə dövlət rüsumunun tutulması Azərbaycan qanunvericiliyində var. Azərbaycan yalnız öz vətəndaşlarının sosial müdafiəsi üçün məsuliyyət daşıyır, müvəqqəti yaşayan əcnəbilərlə bağlı öhdəliyi yoxdur. Bu şəxslərin sosial məsələləri ilə onları himayə edən dövlətlər məşğul olmalıdır.

Daha çox göstər
Back to top button