Hüquq müdafiəçiləri 108 addan ibarət növbəti siyasi məhbus siyahısını təqdim ediblər
Vətəndaş cəmiyyətinin İşçi Qrupu iyunun 10-da siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 108 nəfərin adı daxil edilib. Onlar arasında 4 jurnalistin da adı var.
“Siyasi və ictimai fəallar” qrupunda 12 nəfərin adı var. Ən böyük qrupu dindarar təşkil edir. Bu qrupda 43 nəfərin, o cümlədən Nardaran hadisələri ilə əlaqədar, İslam Partiyasının işi ilə bağlı həbs edilənlərin və s. adları var.
Siyahıda 2018-ci il Gəncə hadisələri ilə əlaqədar həbs edilən 42 nəfərin adı da var.
İşçi qrup həmçinin siyasi motivlərlə hakimiyyətin pandemiya ilə əlaqədar karantindən istifadə edərək vətəndaşlara təzyiqi artırdığını qeyd edir. Saxlanılanların çoxu polis bölməsində döyülüb və işgəncələrə məruz qoyulub.
İyulun 7-də Yasamal rayonunda polis tərəfindən saxlanılmış 11 dinc vətəndaş da işgəncələrə məruz qalıb. İşçi Qrup insanlara qarşı bu alçaldıcı davranışı və polisin öz qanunsuz əməlləri barədə video yaymasını pisləyir.
İşçi qrup Azərbaycan hakimiyyətini pandemiya ilə bağlı böhrandan insan hüquqlarını pozmaq üçün istifadə etməməyə, tənqidi səslərin boğulmasına və dinc etirazların zorakılıqla yatırılmasına son qoymağa çağırıb.