Başlıcaİctimaiyyət

KİVDF-də külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başlandı

Azərbaycanın Hesablama Palatasının Baş Prokurorluq yanında  Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi materialların araşdırılmasının nəticələrinə görə KİV-ə Dövlət Dəstəyi Fondunda büdcə vəsaitlərinin mənimsənilməsi və məqsədli istifadə edilməməsi faktları ilə bağlı cinayət işi başlanıb.

“Turan” agentliyinə əsasən, sui-istifadə halları KİV-ə dəstək üzrə proqram və layihələrin həyata keçirilməsi, qəzetlərə maliyyə yardımının bölüşdürülməsi, tikinti normalarına əməl olunmaması, obyektlərin dəyərinin şişirdilməsində (yəqin ki, jurnalistlər üçün yaşayış binaları nəzərdə tutulur) və s. ilə aşkar edilib.

Bununla əlaqədar CM-in 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda büdcə vəsaitindən məqsədli istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarının qanunsuz keçirilməsi) maddələri üzrə istintaq başlayıb, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Təqsirli şəxslərin əhatə dairəsinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin daxil olan şikayətlər əsasında KİV nümayəndələri üçün tikilmiş iki çoxmərtəbəli binada ehtiyacı olan jurnalistlərə mənzillərin verilməsinə yaradılan əngəllər, həmin evlərdə yaşayış sahəsinin paylanması şərtlərinin kobud şəkildə pozulması faktlarının araşdırılması aparılır.

Bu cür qanunazidd hərəkətlərlə üzləşən jurnalistlərdən Baş Prokurorluğun Baş İdarəsinin “961” çağrı mərkəzinə və “161” qaynar xəttinə müraciət etmək xahiş olunur.

Xatırladaq ki, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bu il aprelin 4-də ölkə prezidentinin fərmanı ilə vəzifədən azad edilib.

Uzun illər KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyəti tənqidlərə səbəb olub və qeyri-şəffaf olub. Bu qurum dövlət başçısının ideologiya üzrə keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olub.

Bir çox KİV və jurnalistlər Ə.Həsənovu və V.Səfərlini vəzifə səlahiyyətindən sui-istifadədə və 2009-cu ildə yaradılmış Fondun vəsaitini mənimsəməkdə ittiham ediblər. 

Daha çox göstər
Back to top button