BaşlıcaBeynəlxalq

Azərbaycan ATƏT-i iflic etməyə cəhd edib

ATƏT Daimi Şurasının növbəti üç il üçün ATƏT-in Baş Katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi və milli azlıqların işləri üzrə Ali Komissarı vəzifəsinə təyinatlar haqqında ilkin qərarlar paketi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilməyib. Məlumatı “Turan” agentliyi yayıb.

Qərarda ATƏT-in üzvü olan ölkələrin yuxarıda sadalanan bütün rəhbər vəzifələrə təyinatı bir ümumi paketlə həyata keçirməsi nəzərdə tutulurdu. Azərbaycan XİN ATƏT Daimi Şurasına göndərdiyi etiraz notasında ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi vəzifəsinə növbəti üç il üçün Fransalı diplomat Arlem Dezirin təyin edilməsi ilə razı olmadığını bildirib. Azərbaycan XİN öz mövqeyini 2017-ci il iyulun 18-dən başlayan ilk üç illik mandatı ərzində Dezirin Azərbaycanda söz azadlığı sahəsində vəziyyətlə bağlı hədsiz tənqid nümayiş etdirməsi ilə izah edir.

ATƏT Daimi Şurasının qərarlarının qəbulu prosesinin konsensus əsasında baş verdiyini nəzərə alaraq, Azərbaycan XİN-in bu addımı cari ilin sentyabrında yay məzuniyyətindən qayıdan Daimi Şura üzvlərinin təşkilatın qərargah mənzilinin yerləşdiyi Vyanada iclaslarını keçirə biləcəyi vaxta qədər ATƏT rəhbərliyini başsız qoya bilər.

Yeni qərar layihəsində, çox güman ki, sözügedən rəhbər vəzifələrə ayrı-ayrılıqda təyinat nəzərdə tutulacaq, amma mövcud məlumata görə, ATƏT-in hazırki sədri Albaniya (Albaniya 2020-ci ildən ATƏT-in Nazirlər Şurasına sədrlik edir) hələlik ATƏT-in yüksək vəzifəli nümayəndələrinin təyinatı ilə bağlı yeni qərar layihəsini təqdim etməyib.

ATƏT-in Daimi Şurası müntəzəm əsaslarla siyasi məsləhətləşmələrin keçirilməsi və ATƏT Nazirlər Şurasının görüşləri arasındakı dövrlərdə ATƏT-in gündəlik operativ fəaliyyətinin idarə edilməsində əsas rəhbər orqandır. Adətən Daimi Şuranın iclasları həftədə bir dəfə Vyanada keçirilir. İclasları fəaliyyətdə olan sədr və ya onun nümayəndəsi çağırır və onlara rəhbərlik edir. Daimi Şuranın tərkibinə ATƏT iştirakçısı olan 57 dövlətin nümayəndələri daxildir.

Daha çox göstər
Back to top button