BaşlıcaSiyasət

Azərbaycanda daha iki vəzifəli şəxs rüşvətə görə həbs edildi

Abşeron rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi rüşvət alma və  rüşvət verməyə təhrik etmə ittihamı ilə həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər əsasında araşdırma başlayıb.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif  Əliyev vətəndaşa tikinti üçün icra hakimiyyətinə layihə təqdim etmədən, tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan tikinti aparmaqda ümumi himayədarlıq edəcəyini bildirdiyi müəyyən edilib.

Abşeron rayon icra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birlyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə Akif Əliyevin 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına şübhələr yaranıb.

Akif Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), Əhmədova qarşı isə 312.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham irəli sürülüb. Hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Daha çox göstər
Back to top button