BaşlıcaSiyasət

Azərbaycanlı siyasi mühacirlər Almaniyada aksiya keçirib

İyunun 28-də Almaniyanın Arnsberg, Hamm və Söest şəhərlərində yaşayan azərbaycanlı siyasi mühacirlər aksiya keçiriblər. Aksiya Azərbaycan siyasi hakimiyyətini tənqid məqsədilə təşkil edilib.

DAS təşkilatının üzvü və aksiya təşkilatçısı Elnur Mirzəyev Meydan TV-yə deyib ki, məqsədləri Azərbaycandakı, eləcə də dünyadakı qeyri-demokratik rejimlərin alman ictimaiyyətinə tanıdılması olub:

“Mövcud COVİD-19 virusu iə əlaqədar olaraq kampaniyamız da “Bütün diktatorlar koronavirus pandemiyası kimi dünya üçün təhlükəlidir” adlandırılmışdı. Hər bir şəhərdə keçirilən aksiyada təxminən 15 nəfər iştirak edib. Biz əsasən, Azərbaycanda baş verən hadisələri alman cəmiyyətinə çatdırmağa çalışırıq. Məlumdur ki, Azərbaycanda kütləvi şəkildə insan hüquqları pozuntuları baş verir. İctimai-siyasi fəallar və müxalifət partiyaları üzvləri həbs edilir və işgəncəyə məruz qalırlar. Tənqidi münasibətdə olan insanlara qarşı saxta məhkəmə ittihamlarıyla inzibati həbslər və saxta cinayət işləri təşkil edilir. Bütün bunlar siyasi hakimiyyətin sifarişilə həyata keçirilir”.

Elnur Mirzəyev əlavə edir ki, Azərbaycanda yalnız koronavirus pandemiyası dövründə 20-ə yaxın insan həbsə, respressiyaya, işgəncəyə və təzyiqə məruz qalıb. Onlar bunu etdikləri aksiyalarla alman ictimaiyyətinə çatdırıblar:

“Ölkəmizdə iqtisadi azadlığın, söz azadlığının, fəaliyyət azadlığının olmadığını bugünkü aksiyalarımızda həm almanca, həm də azərbaycanca səsləndirdik”.

Elnur Mirzəyev deyir ki, aksiyanın iştirakçıları Aqil Hüseynov, Camal Seyidli, Emil Quliyev, Orxan Həbibli və Teymur Ələsgərov mitinqə maraq göstərən alman vətəndaşlarına Azərbaycanda baş verən siyasi repressiyalarla bağlı məlumat veriblər. Xüsusilə Azərbaycanda 160-dək siyasi məhbusun olmasını diqqətə çatdırıblar.

Daha çox göstər
Back to top button
Close