Başlıcaİctimaiyyət

Elə həddə gəlib çatmışıq ki, hər evdən bir nəfər koronavirusdan həyatını itirə bilər: azərbaycanlı həkim

Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır.

Ölkədə hər gün 500-dən çox insanın koronavirusa yoluxduğu məlum olur. Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.

Media.Az martın 24-dən başlayaraq, hər gün 8-12 saat ərzində COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevlə mövcud vəziyyət barədə söhbət edib.

N.Əliyev bildirib ki, əvvəllər xəstələr arasında virusu yüngül və asimptomatik keçirənlər var idisə, hazırda xəstəxana virusu orta və ağır keçirən xəstələrlə doludur.

Xəstələrin yaşından danışan həkim xəstəliyin son zamanlar xeyli cavanlaşdığını söyləyib. Onun sözlərinə görə, müəyyən bir yaş kateqoriyasını təyin etmək mümkün deyil – koronavirus bütün yaş qruplarından olan insanlar üçün təhlükəlidir.

Həkim-infeksionist qeyd edib ki, zamanla koronavirus Azərbaycanda daha aqressiv hala gəlib:

“Ölkəmizdə pandemiyanın nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Biz o həddə gəlmişik ki, hər evdən bir nəfər koronavirusdan vəfat edə bilər. Bu səbəbdən gənclərimizdən və yaşlı vətəndaşlardan xahiş edirəm ki, özlərini qorusunlar, bütün profilaktik qaydalara əməl etsinlər. Bununla siz infeksiyaya qarşı mübarizə aparan həkimlərimizə dəstək vermiş olursunuz”.

Daha çox göstər
Back to top button
Close