BaşlıcaBeynəlxalq

“Azərbaycanın despotik rəhbəri isterika içində demokratiya tərəfdarlarına qarşı misli görünməmiş repressiya aparır”

Radio Free Europe/Radio Liberty İlham Əliyevin AXCP-yə qarşı başlatdığı yeni repressiya dalğası barədə geniş məqalə dərc edib. Məqalə “Azərbaycanın despotik rəhbəri isterika içində demokratiya tərəfdarlarına qarşı misli görünməmiş repressiya aparır” başlığı ilə dərc olunub. Məqaləni AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yayıb.

Məqalədə deyilir ki, Azərbaycan cəmiyyətində korrupsiya, pis idarəçilik, iqtisadi problemlər səbəbindən artan narazılıq, hökumətin pandemiya dövründə problemlərin öhdəsindən gələ bilməməsi, Azərbaycan-Ermənistan münaqişəsinin həllində irəliləyişin olmaması belə görünür, Azərbaycanın avtoritar lideri İlham Əliyevi müxalifəti sıradan çıxarmağa sövq edib.

Son iki həftədə 120-dən artıq müxalifətçi həbs edilib. Onların içində əsas müxalifət partiyası olan AXCP-nin rəhbər heyətindən xeyli şəxs var.
Son məqsəd Əli Kərimlini həbs edib susdurmaqdır.
“Siyasi şərhçilər bildirir ki, Fuad Qəhrəmanlı və Məmməd İbrahimin dövlət çevrilişi maddələri ilə həbsi əslində partiyanın sədri Əli Kərimliyə qarşı yönəlmiş addımdır və hakimiyyətin son məqsədi AXCP sədrini həbs edib susdurmaqdır.

Əli Kərimli iyulun 30-da bildirdi ki, saxta ittihamlarla həbs olunmuş 40-dan çox AXCP üzvünün əvəzinə həbsxanaya getməyə hazırdır. Bundan əlavə Kərimli repressiyaların dayandırılması naminə hətta AXCP sədrliyindən getməyə də hazır olduğunu bildirdi”, – deyə məqalədə yazılır.

Qeyd olunur ki, repressiyalar Milli Şurada AXCP ilə birgə təmsil olunan Müsəlman Birliyi Hərəkatı təşkilatının üzvlərini də əhatə edib.
Daha sonra radio “The Washinqton Post” qəzetinin 29 iyul tarixli sayında dərc olunmuş redaksiya məqaləsindən bu cümlələri sitat verir: “Əliyev isterik şəkildə bildirib ki, siyasi müxalifəti yox etmək lazımdır… Cənab Əliyevin öz tənqidçilərini susdurmaq üçün dəmir yumruqdan istifadə etməsi demokratiyanın əksidir və bu səbəbdən hər kəs bu özündən çıxmış tirandan narahat olmalıdır.”

“Əliyev bu dövrü repressiyalar üçün əlverişli hesab edir”
Məqalədə Amnesty İnternational təşkilatının Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan üzrə mütəxəssisi Alex Raufoğlunun da fikirlərinə yer verilib:

“Qərb demokratiyalarının pandemiya və iqtisadi məsələlərlə bağlı başı qarışıq olduğundan prezident Əliyev bu dövrü repressiyalar üçün əlverişli hesab edir.

COVID-19, eləcə də son vaxtlar Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən sərhəd toqquşmaları nəticəsində Əliyev beynəlxalq tənqidlərlə qarşılaşmadan rəqiblərinin üstünə gedə biləcəyini hesab etdi. Prezident Əliyev rəqiblərinə qarşı hər hansı bir prosedur olmadan, öz-özünə qərar verə bilir. Bu, Azərbaycanda demokratiya xəyalının məhvi ola bilər”.

Məqalədə daha sonra yazılır:
Həqiqətən, Azərbaycan hökuməti uzun müddətdir ki, hüquq mühafizə sistemindən rəqiblərini və hökumətdəkiləri zənginləşdirən korrupsiyanı tənqid edənləri susdurmaq üçün istifadə edir.

Azərbaycan hakimiyyəti Amnesty İnternational və Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatlarını çoxdan ölkədən çıxarıb. Bu isə həmin təşkilatların saxta ittihamlarla bağlı müşahidə aparmasına, onları qeydə almasına imkan verilməməsi deməkdir…

RFE/RL Azərbaycanda siyasi müxalifətə qarşı repressiyanın yeni olmadığına işarə vuraraq qeyd edir ki, bugünlərdə həbs edilmiş Fuad Qəhrəmanlı artıq iki dəfə siyasi məhbus həyatı yaşayıb.
Yazıda müşahidəçilərin bu fikrinə də yer verilir ki, hökumətin ağır repressiyası həm də bütün tənqidçilərin qorxudulması üçündür.

Daha çox göstər
Back to top button