Başlıcaİctimaiyyət

Azərbaycanlılar dünyanı belarusları müdafiə etməyə çağırıblar

Bir qrup Azərbaycan ziyalısı Lukaşenko rejimi tərəfindən ağır repressiyalara məruz qalan Belarus vətəndaşlarını müdafiə etmək çağırışı ilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətin təşəbbüskarları Moskvada yaşayan yazıçılar Çingiz Hüseynov və onun həyat yoldaşı Yelena Tverdislovadır.

Turan-a əsasən, onlar Belarusda bütün dünyanın gözü qarşısında törədilən, açıq-aşkar quldurluğa çevrilən qanunsuzluqlara təəccüb etdiklərini yazırlar. Müraciəti 30-dan çox azərbaycanlı alim, jurnalist, siyasətçi, kino xadimi və digər sahələrdəki mütəxəssislər imzalayıblar

“OMON-un insanları qanunsuzluqdan qorumaq yerinə, qarşılarında silahsız vətəndaşlar, gənclər, qadınlar, yaşlılar və uşaqlar olmasına məhəl qoymadan, əsl vəhşilik törətməsi normaya çevrilib. İnsanları zorla hakimiyyətin qulu olmağa razılaşdırırlar, bunun üçün onları dəyənəklərlə döyürlər, yerə yıxıb sürüyürlər, rezin güllələrlə atəş açırlar, insan ləyaqətini alçaldırlar, zorlayır və işgəncə verirlər, insan təbiətinə və bütün etiqadlara yad olan qorxutma, iradəni yatırma metodları kəşf edirlər, bütün bunları təkcə milis şöbələrində deyil, birbaşa küçədə, bütün insanların gözü qarşısında da edirlər.

Avropada bu özbaşınalığa nə vaxt son qoyulacaq? Bu cür qırğınlar təşkil edənlərin və həyata keçirənlərin buna görə qanun qarşısında cavab verməsi üçün Beynəlxalq Tribunalı fəallaşdırmağın vaxtı çatmayıb”- deyə qeyd olunur.

Daha çox göstər
Back to top button