BaşlıcaSiyasət

Azərbaycan xalqının Əliyev rejiminə olan nifrəti, Belarus xalqının Lukaşenkoya olan nifrətindən qat-qat dərindir: Cəmil Həsənli

Azərbaycan Milli Şurasının sədri Cəmil Həsənli Belarusiyadakı hadisələrə toxunaraq, iki ölkənin rəhbərləri İlham Əliyev və Aleksandr Lukaşenkonu müqayisə edib. Bu barədə “Azadliq.info” məlumat yayıb.

“Belarusda son bir həftədə baş verən mədəni inqilab 26 illik bir diktaturanı, 26 ilin tiranlığını çökürdür. Belorus xalqı azadlıq, demokratiya, öz taleyinə sahib çıxmaq məramı ilə meydanlara çıxdı və öz iradəsini nümayiş etdirdi, sözün tam mənasında xalq tarixin səhnəsinə çıxıb içində olduğu tarixin yaradıcısı rolunda çıxış etdi. Öz şanlı mübarizəsi ilə beloruslar dünyanın gündəmini fəth edib, dünyanı heyrətləndiriblər.

Belarus və Azərbaycan diktatorları, bu iki ölkənin öz xalqına zülm edən tiranları çağdaş dünyanın müstəbidlik nümunələridir. Onlardan biri rüsvayçı şəkildə çökür. Əminliklə demək olar ki, Azərbaycan xalqının Əliyev rejiminə olan nifrəti, Belarus xalqının Lukaşenkoya olan nifrətindən qat-qat dərindir. Lukaşenkonun həbsxanalarında, istintaq orqanlarında işgəncəyə məruz qalanların bir hissəsi dünən meydanlara çıxıb bədənlərində olan ağır işgəncə izlərini çılpaq şəkildə nümayiş etdirdilər. Əliyevin işgəncə labatoriyasında, “Bandotdeldə”, ayrı-ayrı polis idarələrində insanlar elə vəziyyətə salınır ki, onlar məhkəmə qarşısına çıxarıla bilmir, vəkillə görüşə icazə verilmir, yaxınları ilə bütün əlaqə imkanlarından məhrum edilirlər.

Belarusda baş verən hadisələr Xalq Cəbhəsinə qarşı kütləvi terror və repressiyaları, 14 iyul mitinq və yürüşünün iştirakçılarına “Bandotdeldə” verilən ağır işgəncələri, insan talelərinin məhv edilməsin arxa plana keçirməməlidir, gündəmdən çıxarmamalıdır. Əksinə, istər Belarusda, istərsə də Azərbaycanda XXI əsrin tiranları kimi Lukaşenko və Əliyevin törətdikləri işgəncələr, həyata keçirdiyi kütləvi təqib və həbslər bütövlükdə insanlığa qarşı ağır cinayətdir.

Əliyevin işgəncə laboratoriyasından keçirilmiş cəbhəçi Paşa Umudov özünə böhtan atmağa məcbur edilmişdi, Niyaməddin Əhmədovun böyrəklərindən qan sızmışdı. Seymur Əhmədzadə özünü “Osvensim”də olduğu kimi hiss etmişdi, 3 dəfə siyasi məhbus həyatı yaşayan Fuad Qəhrəmanlı kimi mübariz adam vəkilindən və apelyasiya şikayətindən imtina etmişdi. Saxta ifadələr almaq məqsədi ilə Qarabağ qazisi Babək Həsənli, vətənin müdafiəsində müstəsna xidmətləri olan Saleh Rüstəmli, vətənpərvər gənc cəbhəçi Aqil Əli Məhərrəm üzərində hansı işgəncələri sınaqdan keçirməmişdilər. Fuad Əhmədli Orxan Baxışlıya qarşı hansı rəzaləti törətmədilər? Naradaran hadisələrində öldürülən 6 Azərbaycan vətəndaşının qanı kimin üzərindədir? İlahiyyətçi Tale Bağırzadə, dindar Abbas Hüseyn və onlarla birlikdə həbs edilənlər hansı zorakılığa məruz qalmadılar? Gəncə və Tərtər hadisələri Əliyev rejiminin qanlı əməlləri sırasına daxildir. Bu hadisələrin dəhşətli mənzərəsin ortaya qoyan hüquq müdafiəçisi Oqtay Gülalıyevin aqibəti gərək unudulmasın. 14 ildir Xalq Cəbhəsi sədri xarici pasportdan, 5 aydır kommunikasiya imkanlarından məhrum edilib. Onu həbs etmək üçün hazırda İlham Əliyev eyni tamaşanı beşinci dəfədir yeni quruluşda tamaşaya qoyur.

Ölkənin ən şərəfli vətəndaşı olan Tofiq Yaqublu ilə bağlı törətdikləri rəzalətə diqqət yetirin. Polis, prokurorluq, məhkəmə, saxta şahidlər cinayət ortaqlığına girib Tofiq bəyə qarşı dayanıblar. Bir sürü namussuz, bir sürü cinayətkar ölkənin ən namuslu adamına qarşı cinayət toru toxuyur. Lukaşenko da öz əleyhdarlarına qarşı belə alçaq metodlardan istifadə edirdi. İndi o, özü xalqın divanı qarşısındadır.

Diktatorlar və tiranlar öz xalqını əsarət altında saxlamaq, polis rejimi yaradıb süngü üzərində oturmaq, işgəncə laboratoriyaları yaradıb insanları əzmək baxımından suç ortaqlarıdır. Bu gün Əliyev Belarusdakı suç ortağın itirir, özünü itirəcəyi gün də uzaqda deyil”- deyə Həsənli yazıb.

Daha çox göstər
Back to top button