BaşlıcaEkonomika

SOCAR özəlləşdiriləcəkmi?

Təbii ehtiyatların ixracından asılı olan başqa ölkələr kimi, Azərbaycan iqtisadiyyatı da, xüsusilə neft və qaz sektoru qlobal koronavirus pandemiyası təsirindən əziyyət çəkib. BBC Azərbaycan-a əsaəsn, Forbes nəşrinin təhlilində qeyd olunur.

Biznes dairələrinin nüfuzlu nəşrinə əsasən, pandemiyadan əvvəl 2,3 faiz artacağı gözlənən Azərbaycan iqtisadiyyatının həcmi 2,6 faiz azala bilər, Forbes jurnalı, belə bir nəticəyə gəlir.

Avqustun 6-da ölkənin iqtisadi vəziyyəti müzakirə edilərkən, Azərbaycan prezidenti İlham Əliyev dövlətə məxsus neft və qaz nəhəngi – SOCAR şirkətini israfçı xərcləmələr və layihələri həyata keçirmək üçün öz gəlirlərinə deyil, dövlət büdcəsinə üz tutduğuna görə tənqid edib.

“Prezident öz nitqində, müxtəlif sənaye sahələrində fəaliyyət göstərən digər dövlət inhisarları ilə yanaşı, neft və qaz nəhənginin özəlləşdirilməsinə dair çağırış edib,”- yazan Forbes əlavə edir ki, SOCAR-ın səmərəsizliyi barədə dövlət başçısının sərt sözləri artıq gecikmiş ola bilər.

Rutgers Universitetinin azərbaycanlı iqtisadçı tədqiqatçısı Qubad İbadoğlunun proqnozuna görə, dərhal ciddi struktur addımlar atılmazsa, SOCAR 2023-cü ilə qədər iflasa uğraya bilər.

Forbes jurnalına əsasən, bu və ya digər dərəcədə postsovet ölkələrinin əksəriyyəti keçmiş dövlət aktivlərini özəlləşdirmək strategiyasını qəbul ediblər. Məqaləyə əsasən, Rusiya 90-cı illərdə baş tutan özəlləşdirmənin bəzi nəticələrini yenidən nəzərdən keçirir, Ukrayna isə bir neçə mərhələdə həyata keçirdiyi özəlləşmədə çətinliklərlə üzləşib.

Forbes jurnalı yazır ki, Azərbaycan hökuməti hələ də Azərbaycan Hava Yolları, Aztelekom, Azərenerji, Azərkosmos və Bakı Metropoliteni kimi inhisarçı qurumlarda əhəmiyyətli paya sahibdir.

Forbes dərgisi hesab edir ki, özəlləşmə nəticəsində “bazar iştirakçıları arasında artan “rəqabət və təkmilləşdirilmiş” korporativ idarəetmə istehlakçılara fayda gətirəcək,vergi bazasını artıracaq və orta və uzunmüddətli dövrdə daha yaxşı “maaşlı iş yerləri yaradacaqdır”.

Azərbaycan bu strateji kursdan böyük fayda əldə edə bilər, Forbes yazır.

Daha çox göstər
Back to top button