BaşlıcaEkonomika

Dünya Bankı Azərbaycandan alınan məlumatlarda uyğunsuzluq olduğunu deyir

Dünya Bankı “Doing Business 2021” hesabatının dərcinə fasilə verib. Səbəb kimi “Doing Business” 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatların uyğunsuz olaraq dəyişdirilməsi göstərilir.

Bankın bəzi ölkələr üzrə göstəricilərin təhrif olunması ilə bağlı açıqlamasında məlumat dəyişikliklərini sistematik şəkildə nəzərdən keçirdiklərini və qiymətləndirmə apardıqlarını bildiriblər. Açıqlamaya görə, DB pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəklər. Bu müddətdə “Doing Business” hesabatının dərci dayandırılacaq.

“Meydan.tv” saytına əsasən, iqtisadçı Samir Əliyev deyir ki, “Doing Business” Azərbaycan hökumətinin daha çox istinad etdiyi bir reytinq hesabatıdır. Son dövrlər hesabatda Azərbaycanın mövqeyində yaxşılaşma müşahidə edilirdi. Ancaq hesabat həmişə kəskin müzakirə mövzusu olub və nəticələrin reallıqda uzaq olması barədə daim fikirlər səslənib.

Dünya Bankının açıqlamasından sonra əsas diqqət hökumətlərin üzərinə yönəlib. Ancaq Dünya Bankı hələ ki məsuliyyəti öz üzərinə götürərək problemi özünün səhv hesablamasına yönəldib.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Dünya Bankı plan üzrə daxili audit məlumatlarını yenidən toplayaraq, bazasında müvafiq düzəlişlər edəcək. Çox böyük ehtimalla bu düzəliş Azərbaycanın da reytinqinin pisləşməsinə gətirib çıxaracaq.

Daha çox göstər
Back to top button