Başlıcaİctimaiyyət

Azərbaycan hakimiyyətini tənqid edən bir qrup siyasi mühacir barəsində beynəlxalq axtarış elan edilib

Azərbaycan Baş Prokurorluğu son illər xaricdə yaşayan və ölkə hakimiyyətini tənqid edən bir qrup siyasi mühacir barəsində beynəlxalq axtarış elan edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin 2019-cu ilin dekabrında ekstradisiya edilmiş daha bir siyasi mühacir Elvin İsayevin işi üzrə ibtidai istintaqın yekunlaşması ilə bağlı məlumatında deyilir.

İsayev kütləvi iğtişaşlara, hakimiyyətə tabe olmamağa və mütəşəkkil qrupun tərkibində zorakılığa çağırışlar etməkdə və xaricdən dövlət əleyhinə açıq çağırışlar etməkdə ittiham olunur.

Turan agentliyinə əsasən, istintaqla müəyyən edilib ki, İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov (Orduxan Teymurxan), Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.

İstintaq zamanı yuxarıda adları çəkilən şəxslər qiyabi olaraq cinayət işinə cəlb ediliblər. Nəsimi rayon məhkəməsi onlar barəsində qətimkan tədbiri seçib.

Onlar barəsində beynəlxalq axtarış elan edilib və bu qərarın icrası üçün DİN, DTX və İnterpolun Milli Bürosuna müraciətlər göndərilib.

Prokurorluq onların beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ekstradisiyası üzrə tədbirlər görür. İsayev barəsində iş isə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Daha çox göstər
Back to top button