BaşlıcaSiyasət

Tofiq Yaqublu və AXCP fəalları altıncı gündür aclığı davam etdirir

Milli Şuraının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu 6-cı gündür aclığı davam etdirir. Artıq Yaqubluya dəstək məqsədi ilə AXCP-nin fəalları Tofiq Məmmədov, Ayət İsmayıl və Elnur Məmmədov 6-cı gündür aclıq edir. Məlumatı “Amerikaninsesi.org” saytı yayıb.

Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib ki, atasının səhhəti ilə bağlı məlumat ala bilmirlər.

Tofiq Yaqublunun aclıq aksiyasını çoxsaylı insanlar dəstəkləyir. Onlarla insan aksiyaya qoşulmaq üçün müraciət edib. Aksiyaya qoşulmaq istəyənlər Müsavat Partiyasına aksiyanı davam etdirmək üçün yer ayırmasını xahişi ilə müraciət edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, müraciətə bu gün baxılacaq.

Xatırladaq ki, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublunun həbsi geniş tənqidlərə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri narahatlıq ifadə edən bəyanatlarla çıxış edib. Amnesty İnternational Tofiq Yaqublunu vicdan məhbusu elan edib.

Daha çox göstər
Back to top button