BaşlıcaSiyasət

AİHM Naxçıvan MTN-də öldürülmüş Zeynalovun işi üzrə qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi sentyabrın 10-da Azərbaycanla bağlı növbəti qərarını elan edib.

Avropa məhkəməsinin qərarına görə qərar 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlıdır. Məlumatı “Amerikaninsesi.org” saytı yayıb.

İşdə ərizəçi mərhumun atası Şuriyyə Zeynalovdur. O, Konvensiyanın 2-ci maddəsinə (yaşamaq hüququ) uyğun olaraq, dövlətin onun oğlunun həyatını qoruya bilməməsindən, ölümlə bağlı təsirli araşdırma aparmamasından şikayət etmişdi. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü maddəsinə (işgəncəyə məruz qalmamaq) əsaslanaraq, oğlunun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasından, hadisənin araşdırlmamasından şikayətçi idi.

AİHM şikayəti təmin edib, ərizəçiyə mənəvi zərərə görə 35 min, xərc və məsrəflərə görə 2 min avro təzminat ödənilməsi haqqında qərar çıxarıb.

T.Zeynalov Naxçıvan aeroportunda işləyirdi. O, 2011-ci ildə İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib. O, İstintaq Təcridxanasında vəfat edib. Hakimiyyətin versiyasına görə, ölümün səbəbi onkoloji xəstəlikdir.

Amma ailə üzvləri cəsədin üzərində çoxsaylı işgəncə izləri görünən fotoşəklini yayımlayıb.

Zeynalovun valideynləri onun ölümünə işgəncələrin səbəb olduğunu hesab edərək, ölüm hallarının araşdırılmasını tələb ediblər.

Daha çox göstər
Back to top button