Bakıda polis Tofiq Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb
Bakının mərkəzi küçələrindən birində bir qrup müxalif və ictimai fəal Tofiq Yaqublunun həbsinə etiraz olaraq aksiya keçirib. Polis aksiyaya müdaxilə edib, onlarla etirazçı saxlanılıb.
Sosial şəbəkələr vasitəsilə aksiya saat 15:00-da Konstitusiya Məhkəməsi binasının qarşısında təyin edilmişdi. Lakin o vaxta qədər KM-in binasına girişlər gücləndirilmiş polis dəstələri və DİN çevik alayının qüvvələri tərəfindən bağlanıb.
Bununla əlaqədar etirazçılar Azərbaycan prospektində “Monolit” binasının qarşısında toplaşmağa qərar veriblər. Amma polis “Tofiq Yaqubluya azadlıq!” şüarını səsləndirənləri və ya geyimində onun təsviri olan şəxsləri dərhal saxlayıb.
Saxlanılanlar avtobusa və post-patrul maşınlarına oturdularaq aparılıblar.
Aksiyada saxlanılanlar arasında Tofiq Yaqublunun qızı Nigar Həzi də var. Bir neçə jurnalsit və blogerin saxlanıldığı da bildirilir.
Ümumilikdə, 30-dan çox adam saxlanılıb.
Aksiyanın qarşısının alınmasına 50-yə yaxın güc strukturu cəlb edilib.