BaşlıcaEkonomika

Natiq Cəfərli: Korrupsiya bir çox ölkələrdə var, Azərbaycanda miqyası genişdir

Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmağa davam etsə də, ciddi problemlər qalmaqdadır. Son bir neçə il ərzində Azərbaycan hökuməti xarici investisiyalar cəlb etməyə, iqtisadiyyatının şaxələndirilməsi üçün islahatlar aparmağa və özəl sektora söykənən inkişafa təkan verməyə çalışıb.

Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkədə investisiya mühiti haqqında hesabatında əksini tapıb. Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Hesabatın xülasəsində deyilir ki, Azərbaycan iqtisadiyyatı əvvəlki kimi neft və qaz hasilatından çox asılıdır, ixrac gəlirlərinin təqribən 90 faizi və dövlət büdcəsinin yarısından çoxu bu sahənin payına düşür.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan.tv-nin “hesabatda Azərbaycanda ümumi investisiya mühitinin yaxşılaşmaqda davam etdiyi, digər tərəfdən də korrupsiyanın qaldığı qeyd olunursa, bu, ikili yanaşma necə izah oluna bilər?” sualına cavab verərkən bildirib ki, səfirliklərin diplomatik dil üslubuna diqqət yetirilməlidir:

“Təbii ki, xarici ölkələr Azərbaycanda iqtisadi əlaqələrini daha da dərinləşdirmək istəyilərsə, incə diplomatik üslubdan istifadə etməyə məcburdurlar. Ona görə də hesabatları bu üslubda yazmağa üstünlük verirlər və nəticədə iki münasibətlilik yaranır. Əlbəttə, diplomatik korpuslara bu barədə sual verilsə, “korrupsiya hər yerdə var” deyə cavabını eşitməli olacaqsınız. Haqsız da deyillər, doğrudan da, korrupsiya bir çox ölkələrdə var. Sadəcə, Azərbaycanda korrupsiyanın həcmi və miqyası genişdir. Əsasən də tender müqavilələri, məmur biznesi və dövlətsatınalmalarında. Ölkədə əsas problem korrupsiyanın sistemin idarəetmə formalarından birinə çevrilməsidir”.

Daha çox göstər
Back to top button