BaşlıcaSiyasət

Azərbaycan müxalifəti İ.Əliyevin ölkədə demokratiya haqqında bəyanatı ilə razı deyil

“Azərbaycan sabit, müasir və demokratik ölkədir”, bu barədə prezident İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş iclasın iştirakçılarına videomüraciətində bildirib. Onun sözlərinə görə, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması Azərbaycan hökumətinin başlıca prioritetləri sırasındadır.

Amma Azərbaycan KİV-lərində yer alan məlumatlara görə, onun bu fikirləri müxalifət və hüquq müdafiəçiləri tərəfindən mənfi qarşılanıb.

Turan agentliyi yazır ki, Müsavat Partiyasının başqanı Arif Hacılının fikrincə, Azərbaycanda Əliyevin təsvir etdiyi cəmiyyət yoxdur:

“Piketlərin, mümayişlərin qadağan edildiyi, bir stadionda belə mitinqlərin keçirilməsinə icazə verilməyən ölkədə hansı sərbəst toplaşma hüququndan, qəzetin bir mədəniyyət növü kimi sıradan çıxarıldığı, jurnalistlərin həbs edildiyi, müxalifətin televiziyalara buraxılmadığı ölkədə hansı ifadə azadlığından danışmaq olar?”, -deyə Hacılı bildirib.

Onun sözlərinə görə, ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus cəza çəkir, onlar arasında siyasətçilər, jurnalistlər, inanclı kəsimin nümayəndələri var.

Son illər ərzində keçirilən bütün seçkilərin nəticələri saxtalaşdlrılıb. Əliyev hamıya məlum olan faktları təhrif etməklə, demokratiya ilə bağlı mövcud vəziyyətin tam əksini iddia etməklə heç kəsi yox, yalnız özünü aldadır, deyə o bildirib. “Azərbaycanda bəzi partiyaların hakimiyyətə sığınmasının siyasi dialoq kimi təqdim olunması gerçək dialoqdan yayınmanın üsullarından biridir”, deyə Hacılı qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də demokratiya və insan hüquqlarının hökumətin prioritetləri arasında olduğunu düşünmür. Onun sözlərinə görə, Azərbaycan insan hüquqlarına hörmət sahəsində Avropa Şurası ölkələri arasında ən çox pozuntuların qeydə alındığı ölkədir.

2020-ci ilin parlament seçkiləri zamanı fundamental azadlıqların pozulması ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəylərində əksini tapıb. Ondan əvvəl, 2020-ci ilin yanvarında AŞPA sessiyasında Azərbaycanda siyasi məhbuslar haqqında xüsusi qətnamə qəbul edilib.

Bundan başqa, FreedomHouse, Amnesty İnternational kimi beynəlxalq hüquq müdafiə təşkilatları vaxtaşırı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu vurğulayır.

Məmmədlinin fikrincə, hakimiyyət sadəcə olaraq müxalifətlə dialoq görüntüsü yaradır.

“Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov da hesab edir ki, Əliyevin dedikləri real mənzərəni əks etdirmir. Belə ki, onsuz da məhdud olan toplaşmaq azadlığı pandemiya şəraitində tamamilə qadağan edildi.

Bundan başqa, insanlar siyasi və dini baxışlarına görə uydurma ittihamlar əsasında cinayət təqibinə məruz qoyulur.

AXCP-nin sədr müavini Seymur Həzi hesab edir ki, Əliyev ölkədə demokratiyanın olduğunu iddia etməklə bu ilin yazında və yayında müxalifətin ünvanına səsləndirdiyi nifrət bəyanatlarının üstünü örtməyə çalışır.

Daha çox göstər
Back to top button