Rusiya XİN mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması imkanlarını şərh edib.
“Həm Azərbaycan ərazisində, həm də Ermənistan ərazisində iki xalqın birgə yaşamaq təcrübəsi var – birlikdə çalışıblar, dostluq ediblər, ailələr yaradıblar. Hazırda Rusiyanın vasitəçi səyləri sayəsində qan tökülməsi dayanıb, qaçqınların və məcburi köçkünlərin geri qaytarılması, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi barədə razılıq əldə edilib. Mülki infrastrukturun bərpasında, əhalinin normal yaşaması üçün şəraitin yaradılmasında Azərbaycan və Ermənistana kömək etmək üçün humanitar mərkəz yaradılıb”- deyə o bildirib.
O xatırladıb ki, Azərbaycan və Ermənistana əhalinin normal həyat şəraitinin yaradılmasında kömək etmək üçün humanitar mərkəz yaradılıb. Onun sözlərincə, xalqlar arasında dialoqun qurulması üçün real şərtlər yaradılır və fikir ayrılıqlarını aradan qaldırmanın yeganə mümkün yolu budur.
Zaxarova qeyd edib ki, regionun müxtəlif ticarət və iqtisadi imkanlarının həyata keçirilməsinə yönəlmək lazımdır və gündəmə iş adamları, elm adamları və ümumiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin qurulması daxil edilməlidir. Mümkün əməkdaşlıq yollarından biri jurnalistlərin qarşılıqlı səfərləridir, xüsusən belə bir təcrübə artıq mövcuddur.
Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına doğru addımdır. Lakin bütün bunlar iki ölkə liderlərinin siyasi iradəsi ilə mümkün olacaqdır.