
Ermənistanda Sentyabrın 27-də başlamış müharibə və müharibədən sonrakı dövrdə hərbi xarakterli cinayətlər faktları üzrə 882 cinayət işi açılıb, onlarla şəxslərə qarşı ittihamlar irəli sürülüb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb və cinayət işlərindən bəzi detalları təqdim edib.
5 rayonu təhvil vermək qarşılığında Ermənistan Baş nazirinə təklif edilmiş 5 milyard dollar haqqında nəşrlər əsasında açılmış cinayət işi də açılmış cinayət işləri arasındadır, bu işin istintaqı Ermənistan Milli Təhlükəsizlik Xidmətində davam edir.
Operativ-axtarış əməliyyatları ilə MTX Qarabağda erməni əsgərləri arasında qəsdən təlaş yaradan əhval-ruhiyyənin yayılması barədə məlumatlar əldə olunduğu açıqlanıb. Əsgərlər arasında “müharibənin taleyi əvvəlcədən həll olunub” kimi təbliğat aparılıb. Bu faktlar üzrə də istintaq gedir və artıq ittiham olunan şəxslər var.
Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Movses Akopyanın noyabrın 19-da mətbuat konfransında verdiyi bəyanat ayrıca araşdırma mövzusu olub.
Ermənistan Müdafiə Nazirliyinin normalarına zidd fəaliyyətlərinə görə bir qrup yüksək çinli hərbçiyə qarşı cinayət işi açılıb. Onlar müharibənin gedişinə neqativ təsir göstərən əməllərdə günahlandırılırlar.
Ermənistanın “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyanın bəyanatları da araşdırılıb və nəticədə onun haqqında cinayət işinə başlanılıb.
Qarnik İsaqulyan guya 1400 azərbaycanlıya Ermənistan pasportlarının verildiyini, 400 azərbaycanlının Naxçıvandan Qacaran ərazisi ilə Qarabağa ötürüldüyünü, Nikol Paşinyanın və onun komandasının guya 2018-ci ildə Türkiyə və Azərbaycandan 48 milyon dollar aldığını iddia etmişdi.
İstintaqa dəvət olunan İsaqulyan bu iddiaları ilə bağlı izahat verib, dəlil təqdim etmədiyindən onun haqqında yalan məlumat verməyə görə cinayət işi açılıb.
Ermənistanın hüquq-mühafizə orqanları guya Şuşinin qəsdən təhvil verilməsi, şəhərin müfadiəsi zamanı dezertirlik, geri çəkilmək haqqında əsassız əmrlərin verilməsi ilə bağlı ittihamlara da baxıb. Bu xüsusda toplanılan materialları baş prokurorluq hüquqi qiymət verilməsi üçün MTX-ə göndərib.
Artsax Prezidenti Araik Arutyunyanın telefon danışıqları və Samvel Babayanın müsahibəsi də araşdırılır.