
Goris-Kapan magistral yolunun 68 km-dən 21 km-ə qədər olan hissəsi Azərbaycanın nəzarətindədir. Bunu bu gün keçirdiyi mətbuat konfrans zamanı Ermənistanın Ombudsmanı Arman Tatoyan bildirib.
O qeyd edib ki, demarkasiya işləri zamanı mübahisəli hallar da qeydə alınıb. Bəzi hallarda yeni sərhəd kəndlilərin evlərinin arasından keçir.
“Bundan başqa, Azərbaycan əsgərləri açıq təxribatlar yolu ilə yollara lövhələr qoyurlar. Mütəmadi olaraq silahlarla həmin yollarda görünürlər. Məsələ burasındadır ki, o yollar mülki yaşayış yerlərimizi birləşdirən yollardır, Ermənistan tərəfində mülki şəxslər gedirsə, Azərbaycan tərəfində əsgərlərdir”, – deyə Tatoyan vurğulayıb.
O əlavə edib ki, sərhəd müəyyənləşdirmə prosesi mexaniki yanaşmalarla həyata keçirildiyi səbəbindən bütün bu problemlərin meydana çıxıb.
Tatoyan bildirib ki, demarkasiya işləri səbəbindən yalnız Kapan hava limanına deyil, Kapanı Yerevanla birləşdirən dövlətlərarası magistral yolu üçün də birbaşa təhlükə yaranıb. Kapanın dinc əhalisi də təhlükə altındadır.