Economist Intelligence Unit: Azərbaycan ‘avtoritar rejimlər’ siyahısında

“Economist Group”un araşdırıcı təhlil qurumu olan “Economist Intelligence Unit” (EIU) 2020-ci il üçün Demokratiya İndeksini açıqlayıb. Məlumatı azadliq.org yayıb.
165 müstəqil ölkə və iki ərazini əhatələləyən indeks beş kateqoriyaya əsaslanır: seçki prosesi və pluralizm, mülki azadlıqlar, hökumətin funksiyası, siyasi iştiraklılıq və siyasi mədəniyyət. Hər bir ölkə bu kateqoriyalar çərçivəsində 60 indikator üzrə dəyərləndirilib və yığdıqları bala görə dörd tip rejimə bölünüb: tam demokratiya, qüsurlu demokratiya, hibrid rejim və avtoritar rejim.
EIU dünya əhalisinin yarıya qədərinin – 49.4 faizinin müəyyən dərəcədə demokratiya, yalnız 8.4%-nin isə “tam demokratiya” şəraitində yaşadığını bildirir.
Dünya əhalisinin üçdə birindən çoxu isə avtoritar idarəçilikdə yaşayır.
Azərbaycan “avtoritar” rejimlər kateqoriyasına düşüb. Bu sıraya Rusiya, Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan və Türkmənistan kimi ölkələr salınıb.
Gürcüstan, Ermənistan, Qırğızıstan, Ukrayna hibrid rejimlər kateqoriyasındadır.