Bakı İnsan Hüquqları Klubu bir sıra məhbusların azad edilməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət etdi

Bakı İnsan Hüquqları Klubu bir sıra məhbusların azad edilməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edib.
Müraciət bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsi təcrübəsi nəzərə alınaraq və əfv məsələsi barədə qeyri-hökumət təşkilatlarına müraciət etmək (vəsatət qaldırmaq) imkanı verən ölkə qanunvericiliyi rəhbər tutularaq hazırlanıb.
Hüquq müdafiəçiləri 110 nəfərin azad edilməsini xahiş edirlər. Onlar arasında həm ittihamları sübut etmək üçün mötəbər sübutların olmadığı işlər, həm də digər işlər üzrə müxtəlif müddətlərə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var.
Turan agentliyinin məlumatına görə, 110 nəfərlik siyahıya “Gəncə işi”nin (10 iyul 2018-ci il hadisələri ilə əlaqədar həbs edilənlər); “Tərtər işi”nin (2017-ci il); “Nardaran işi”nin (2015-ci il) fiqurantları; Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları; jurnalistlər; 1995-ci ildə XTPD qiyamı haqqında işlə bağlı həbs edilmiş 3 nəfər “ömürlük məhbus” daxil edilib.
Siyahıda qeyri-siyasi işlər üzrə həbs edilən şəxslərin də adları var.