Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanların sayından iki dəfə çoxdur

Son günlərdə Azərbaycanda koronavirusa yoluxma statistikası artıb. Martın 1-də ölkə üzrə yoluxma sayı 125 olduğu halda növbəti gün bu göstərici artaraq 352 olub. Həmçinin koronavirusa yoluxanlarla sağalanlar arasında fərq də kəskin artıb.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmaların sayı az olsa da, yoluxanlarla sağalanlar arasında artan fərq artıq narahatedicidir.
Deputatın fikrincə, səbəb odur ki, son vaxtlar Azərbaycanda karantin rejimi çox yumşalıb.
Tibb elmləri doktoru Adil Qeybulla “AzadlıqRadiosu”na bildirib ki, son vaxtlar koronavirusa yoluxma sayı artmaqdadır və bunun səbəbi ondadır ki, sosial həyatın ayrı-ayrı sahələri yumşaldıqca karantin rejiminə riayət etmə arxa plana keçib.
Ekspert qeyd edib ki, bundan əlavə, məktəblərin, ayrı-ayrı kafe və restoranların fəaliyyəti də yoluxma sayının artmasına şərait yaradır. “Bundan başqa Britaniya ştammı və digər mutogen formaların yayılması reallıqları var. Bunlar haqda Azərbaycan üzrə dəqiq məlumat hələlik əlimizdə yoxdur”.
A.Qeybulla hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq situasiyaya dəyər veriləcək. “Vəziyyət pisləşərsə karantin qaydaları yenidən sərtləşdirilə bilər. Vəziyyət bu şəkildə davam edərsə, indiki situasiyada sərtləşməyə heç bir lüzum yoxdur”.