BaşlıcaSiyasət

Zalkaliani: “Tbilisini Azərbaycan və Ermənistana müzakirə platforması kimi təklif edirik”

“Gürcüstan qonşuları – Azərbaycan və Ermənistana Tbilisini iqtisadiyyat, biznes, insanlar arasında münasibətlər və mədəni əməkdaşlıqla bağlı konkret layihələrin müzakirəsi üçün platforma kimi təklif edir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.

XİN başçısı Azərbaycan və Ermənistanın bu təklifi dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib.

D.Zalkalianin sözlərinə görə, Gürcüstan regionun əsas ölkələrindən biri kimi bölgədə baş verən önəmli proseslərdən və reallaşdırılan layihələrdən kənarda qala bilməz.

“Azərbaycandan gələn 3+3 təklifini dəstəkləyirik. Gürcüstanın bəzi ehtiyatları var, bunu anlayırıq. Ancaq istənilən halda Gürcüstanın da daxil olduğu regional mexanizmlərə və regional əməkdaşlığa Türkiyə olaraq dəstəyimiz artaraq davam edəcək”,-deyə Türkiyənin Xİ naziri Çavuşoğlu qeyd etdi.

Tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək və Xəzər dənizi bölgəsindən Avropa bazarına əlavə həcmdə enerji daşıyıcılarının tədarükünü təmin edəcək.

Daha çox göstər
Back to top button