
“Gürcüstan Qaz Nəqliyyat Şirkəti”nin (GGTC) Rusiyanın Ermənistana qaz tədarükü marşrutunun müvəqqəti dəyişdirilməsi barədə məlumatı yoxdur. Bu barədə şirkətin mətbuat xidməti nümayəndəsi Levan Toronjadze “Sputnik Armenia” müxbiri ilə söhbətində qeyd edib.
“Hələ belə məlumat almamışıq. Bizimlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hazırda Ermənistana da daxil olmaqla bütün istiqamətlərə qaz tədarükü həmişəki kimi həyata keçirilir”- deyə Toronjadze qeyd edib.
“Sputnik Azərbaycan”-a əsasən, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib: “Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub”.
Martın 16-da SOCAR və “Qazprom Export” şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq.
Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.