Gürcüstanda, Həsənova məxsus “Nexol Holdinq” bölgədə internet təmin edən “Caucasus Online” şirkətinin qanunsuz sahibi elan edilib

Gürcüstan Milli Rabitə Komissiyası Azərbaycan şirkəti “Nexol Holdinq”in qurucusu Nəsib Həsənovu qanunsuz hərəkətlərdə günahlandırıb və müqavilələri imzalamaqdan imtina edib. Bu barədə “Sputnik-Georgia” xəbər verir.
“Caucasus Online” bölgənin lider telekommunikasiya şirkətidir. 2006-cı ildə ölkənin aparıcı rabitə şirkətləri olan “Caucasus network”-un “Georgian Online”, “Sanet” və “Telenet” şirkətlərinin birləşməsi əsasında qurulmuşdur.
Məlumata görə, Həsənov əvvəlcə Milli Komissiyanın razılığı olmadan şirkətin 49 faizini qanunsuz olaraq əldə edib və 2020-ci ilin avqust ayında bir daha qanunları pozub şirkətin qalan 51 faizini Komissiyanın razılığı olmadan sürətlə satın alıb.
“Elektron Rabitə barədə” qanununa görə, hüquqi şəxs səhmlərin 5 faizindən çoxunu satanda, komissiyaya müraciət etmək və onun razılığını almaq məcburiyyətindədir.
Hələ 2020-ci ilin oktyabrında şirkətə qanun çərçivəsində fəaliyyətini geri qaytarmaq üçün xüsusi menecer təyin edilib. 2020-ci ilin dekabrında xüsusi menecer şirkətin iki müqaviləsini bloklayıb.
“Hər iki sənəddə də “Caucasus Online” “Nexol Holding”in törəmə müəssisəsi kimi qəbul edilib”- deyə Komissiya qeyd edib.