
ABŞ-ın məşhur “Foreign Policy” jurnalı Qarabağ döyüşlərindən Amerika ordusunun çıxarmalı olduğu dərslərdən yazıb.
Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç dərgidə yazıb ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: İndi artıq qoşunları tutmaq və məhv etmək həm asan, həm də ucuz olub.
ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou deyib: “Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğu aydın görünür”.
Polkovnikin qənaətinə görə, Ermənistanın məğlubiyyətindən sonra bir şey aydın olub ki, ABŞ hərbiyyəsi bundan sonra Çin kimi rəqiblərə qarşı hava qüdrəti üstünlüyünə malik deyil və indi hətta yoxsul ölkələr də özləri üçün piştaxta üstündən mötəbər hərbi-hava qüvvəsi ala bilərlər:
“Aydın olan budur ki, indi daha az vəsaiti olan ölkələr də müxtəlif silahlı müharibə apara bilərlər. Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”.
Deç yazır ki, 6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı “Bayraktar TB2” dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib. Müəllif yada salır ki, Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir.
Deç yazır ki, Azərbaycan prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu, ancaq internetdə yayılan çox sayda dezinformasiya həqiqətən nə olduğunu anlamağı çətinləşdirir və bu siyahılar amerikalı mütəxəssislərə inam yaratmır.