Avropa Şurası: Azərbaycan AŞ məkanında məhbuslara ən az xərc çəkən ölkələrdəndir

Avropa Şurasının aprelin 7-də yaydığı məhbusların sayı barədə hesabata görə, Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür. Məlumatı “Meydan.tv” yayıb.
Hesabata əsasən, hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan Avropa məkanında 5-cidir.
1-ci yerdə Türkiyədir, 100 minə 357 məhbus düşür.
Sənəddə dövlətlərin məhbuslara çəkilən xərclər də yer alıb. Azərbaycan Avropa Şurası məkanında məhbuslara ən az xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir.
Hesabata əsasən, Azərbaycanda məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır, onların ümumi məhbusların 29 faizini təşkil edir.
Sənəddə Azərbaycan həbsxanalarında boş yerlərin olması barədə də qeydlər yer alıb. Belə ki, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür.