ArtsaxBaşlıcaSiyasət

ATƏT-in Minsk qrupu həmsədrləri yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Bu barədə həmsədrlərin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Endryu Şofer atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildiririblər. Həmsədrlər qeyd etdilər ki, tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.

Həmsədrlər meyitlərin qaytarılması, münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davamlı irəliləyişləri alqışlayır.

Həmsədrlər tərəflərə xatırladırlar ki, qalan problemli məsələlərin həlli və möhkəm sülhə şərait yaradan qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərə ehtiyac var. Buraya bütün hərbi əsirlərin və digər saxlanılan şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qaytarılması, münaqişə bölgəsinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, dini və mədəni irsin qorunub saxlanması və münaqişənin toxunduğu icmalar arasında birbaşa əlaqələrin və əməkdaşlığın qurulması, habelə insanlar arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş digər tədbirlər daxildir.

“ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməlidir.

Tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırırıq”,- deyə bəyanatda qeyd olunur.

Həmsədrləri tərəflərin qeyd şərtsiz öz prioritetlərini əks etdirən, strukturlaşdırılmış gündəliyi nəzərdən keçirmələri və birlikdə razılaşdırmaları üçün birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini yenidən təkrarlayıblar.

ATƏT Minsk qrupunun həmsədrləri həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə ediblər və tərəfləri bu səylərə dəstək göstərməyə çağırıblar.

Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.

Daha çox göstər
Back to top button