BaşlıcaBeynəlxalq

Amerikanın dini etiqad azadlığı üzrə orqanı Azərbaycanı Dövlət Departamentinin xüsusi müşahidə siyahısına salıb

Amerikanın dini etiqad azadlığı üzrə orqanı (USCIRF) hökumətlərin dini etiqad azadlığının kobud pozuntularına “yol verməsinə və ya buna qarşı dözümlülüyünə görə” Azərbaycanın digər 11 ölkə ilə birlikdə ABŞ Dövlət Departamentinin Xüsusi Siyahısına (SW) salınmasını tövsiyə edir, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

1998-ci ildə ABŞ prezidentinə, dövlət katibinə və Konqresinə bütün dünyada dini etiqad azadlığı məsələləri ilə bağlı tövsiyələr hazılanması üçün yaradılmış ikipartiyalı komissiya ardıcıl olaraq ikinci dəfədir Azərbaycanı bu siyahıya salır. Bu siyahıya daha 11 ölkə: Kuba, Nikaraqua, Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Türkiyə və Özbəkistan da daxil edilib.

Dini etiqad azadlığı üzrə orqan çərşənbə günü Vaşinqtonda dərc etdiyi illik hesabatda qeyd edir ki, ötən il bəzi ölkələr dini azlıqlara qarşı mübarizədə yanlış məlumatlar və ya qeyri-mütənasib məhdudiyyətlərlə COVİD-19 pandemiyasından istifadə ediblər.

Azərbaycanda hakimiyyət “insanları dini fəaliyyətinə görə həbs etməyə davam edib”, deyə hesabatda bildirilir. Siyasi məhbusların siyahısını tutan yerli QHT-lərin qiymətləndirmələrinə görə, hazırki məhbusların 43 nəfərdən 51 nəfərə qədəri dini fəallardır.

Hesabatda həmçinin ABŞ Konqresinə Azərbaycanda din azadlığının və bütünlükdə insan hüquqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirmək, bununla bağlı məsələləri Azərbaycan səfirliyi və digər dövlət şəxsləri qarşısında qaldırmaq, bütün vicdan məhbuslarını azad etmək tövsiyə olunur.

Daha çox göstər
Back to top button