Minalanmış ərazilərin xəritələri? Alman nazir azərbaycanlı deputatın sualını cavablanmadı

Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri, Nazirlər Komitəsində Almaniya Federal Hökumətinin xüsusi nümayəndəsi Mixayil Rot Azərbaycanı erməni əsirlərini qaytarmağa çağırıb.
Nazir, “minalanmış ərazilərdə ölüm hadisləri və minalanmış ərazilərin xəritələrinin verməsinin zəruriliyi”nə dair Azərbaycan deputatı Rafayel Hüseynovun sualına cavab verərək ilk növbədə Bakını erməni əsirlərini qaytarmağa çağırıb.
Rot əlavə edib ki, alman tərəfi Azərbaycanı AİHM qərarlarının icrası zəruriliyini mütəmadi olaraq xatırladır.
“Avropa Şurasının insan hüquqları sahəsindəki əsas prinsipləri münaqişə zamanı göz ardı edilməməlidir. 2020-ci ilin noyabr ayında atəşkəs razılaşması tərəflərin insan haqlarını qorumaq öhdəliyini əhatə edir və müqavilənin həmin hissəsi alman tərəfinin xüsusi diqqətində olacaq”- deyə o qeyd edib.
Rot vurğulayıb ki, tərəflər insan hüquqları monitorinqi missiyalarını qəbul etməlidirlər və bu çərçivədə Almaniya tərəfi ATƏT-in Minsk Qrupunun, qrup həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işini dəstəkləyir.
“Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, münaqişənin həllində vasitəçilik rolu ATƏT-in Minsk qrupunun məsuliyyətidir. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında xüsusən münaqişənin çox dramatik nəticələrinin aradan qaldırılmasına yönəlmiş davam edən səyləri tamamilə dəstəkləyirəm”- deyə nazir qeyd edib.
Bu kontekstdə Rot qeyd edib ki, həmsədrlər son zamanlarda tərəflərə mövcud məsələlərin həlli və davamlı sülhə töhfə verəcək qarşılıqlı etimad mühiti yaratmaq üçün əlavə səylər göstərməyin lazım olduğunu xatırladıb.
Diqqətəlayiqdir ki, Rot azərbaycanlı deputatın sualını cavablandıraraq minalanmış ərazilər barədə heç nə deməyib.