Freedom House: Azərbaycan möhkəmlənmiş avtoritar rejimdir

Azərbaycanda möhkəmlənmiş avtoritar rejim hökm sürür. “Freedom House” insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir. Məlumatı azadliq.org yayıb.
Qurum bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.
Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.
Azərbaycan hakimiyyəti isə ölkədə demokratik islahatlar aparıldığını deyir, təməl hüquqların pozulmasıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, onları qərəzli mövqedə ittiham edir.
Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.
“Jurnalistlər çətin şəraitdə işlərini davam etdirməkdən ötrü innovativ üsullara əl atırlar. Məsələn, Belarusun müstəqil media orqanları hökumətin bloklamasından yayınmaq üçün kütləvi Telegram şəbəkəsinə köçüblər”, – hesabatda deyilir.