Fransa prezidenti Emmanuel Makron Respublika günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda Makron Cənubi Qafqazda davamlı sülh üçün aparılan işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur”- deyə Makron qeyd edib.
Fransa prezidenti əmin edib ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və “Azərbaycanla Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər”.