Rusiya, Fransa, Almaniya XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
İyunun 7-də Fransanın Xarici işlər naziri Jan-İv Le Drian və Almaniya Xarici işlər naziri Xayko Maas Rusiya Xarici işlər naziti Sergey Lavrovla telefon söhbətində Ukrayinada, Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər.
Bu barədə “interfax.ru” məlumat yayıb.
Nazirlər arasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının icrasının gedişi müzakirə olunub.
“Danışıqlar zamanı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Ermənistan-Azərbaycan arasındakı danışıqlar prosesində ATƏT-in Minsk qrupunun rolunu təsdiqlədilər”- deyə məlumatda qeyd edilir.
Rusiya tərəfindən qeyd edilib ki, “beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər”.
Fransa Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Ermənistan-Azərbaycan münasibətlərinə dair telefon danışığında Jan-İv Le Drian “Fransanın Ermənistan və Azərbaycan arasındakı gərginliyi aradan qaldırmaq üçün göstərdiyi səyləri qeyd edib”. Nazirin sözlərinə görə, Fransa bu məsələdə Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Hər iki ölkə də ABŞ ilə birlikdə Minsk Qrupunun həmsədrdir.