
Birləşmiş Ştatlar Qarabağ münaqişəsi zonasında davam edən gərginlik fonunda Azərbaycana hərbi yardım daxil olmaqla müxtəlif növ yardımların məqsədəuyğunluğunu nəzərdən keçirməyə davam edəcək.
Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinken ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Robert Menendesin sualına cavab verərək Vaşinqtonun Bakıya yardım məsələsinə toxunub.
Komitə sədri, demokrat Robert Menendes ABŞ rəhbərliyinin Azərbaycan hökumətinə hərbi yardım da daxil olmaqla yardım göstərməyə davam etməsini təmin edən qərarından məyus olduğunu bildirib.
“Amerika rəhbərliyinin bu qərarından sonra Azərbaycan faktiki olaraq Ermənistan Respublikasının mövcud ərazi bütövlüyünü pozdu, müharibə əsir götürdüyü erməniləri sərbəst buraxmadı, bu da beynəlxalq hüququn pozulmasıdır. ABŞ rəhbərliyi Azərbaycana yardım etməyə icazə verəndə biz onlara yaşıl işıq yandırdıq”- deyə senator Menendes qeyd edib.
Blinken, Menendesin sualına cavab olaraq bildirib: “Bu məsələni müzakirə etməyə davam edəcəyik. Mən bu istiqamətdə, xüsusilə əsirlərin qaytarılması, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar məsələsində qarşılıqlı razılıq üçün fəal işləmişəm”.