BaşlıcaBeynəlxalqEkonomika

Beynəlxalq Enerji Agentliyi Azərbaycanı araşdırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) “Azerbaijan 2021: Energy Policy Review” adlı hesabatını yayımlayıb. Hesabatda enerji istehsalı və istehlakı, neft, təbii qaz, elektrik, mərkəzi istilik sistemləri, ətraf mühitə təsir, enerji effektivliyi, alternativ enerji mənbələrindən istifadə, enerji tədqiqatları və digər məsələlər əksini tapıb. Görülən işlərlə yanaşı, enerji sektorunun risklərinə və enerji siyasəti ilə bağlı tövsiyələrə də yer verilib. Məlumatı “Azadlig.org” yayıb. 

Qurumun hesabatında bildirilir ki, neft-qaz gəlirləri Azərbaycanda ixracın və dövlət gəlirlərinin əsas hissəsi olsa və 90-cı illərlə müqayisədə ölkənin iqtisadi baxımdan gəlişdirsə də, bu iqtisadi modelin gələcəkdə də işləkliyi qeyri-müəyyəndir. Neft hasilatının azalması, neft və qazın əsas idxalçılarının “sıfır karbon tullantısı” öhdəliklərinə qoşulması bu qeyri-müəyyənliyi şərtləndirən əsas amillərdir. Bununla belə, IEA ortamüddətli zaman perspektivində neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatında dominantlığını davam etdirəcəyini düşünür.

Ölkədə enerji təchizatının yaxşılaşdırılması və bu resurslardan istifadənin səmərəliliyinin artırılması baxımından agentliyin əsas tövsiyəsi bazara özəl oyunçuların buraxılması ilə bağlıdır. Qeyd edilir ki, dövlətə məxsus şirkətlərin nəzarətində olan, subsidiyaların mövcud olduğu və şaquli şəkildə bütünləşmiş bazarın mövcudluğu özəl sektorun iştirakını və enerji qiymətlərini əhatə edən rəqabətli bazarlara keçidi əngəlləyir.

Hesabatda Azərbaycanda enerji sahəsində yeni infrastrukturun qurulmasının, mövcud sistemin modernləşdirilməsinin, islahatların sosial baxımdan əhalinin bütün kəsimlərinə məqbul olmasının, gərəkli bilik və bacarıqlara yiyələnmiş kadr yetişdirilməsinin yüksək önəmi vurğulanıb. 

Agentliyin təklif etdiyi tövsiyələr arasında lisenziyalaşdırma proseslərinin optimallaşdırılması və beləliklə bərpa olunan enerji mənbələrinin güclərinin artırılması da var. Başqa bir tövsiyə ucqar bölgələrdə günəş kollektorlarının, batareyaların və digər texnologiyaların quraşdırılmasından ötrü iş proqramlarının hazırlanmasıdır.

Hesabatda neft hasilatının azalması fonunda Azərbaycanda təbii qaz istehsalının artmasına da diqqət yetirilib. 

Daha çox göstər
Back to top button