BaşlıcaBeynəlxalqİctimaiyyət

Azərbaycan hakimiyyəti illərdir Pegasus vasitəsilə azərbaycanlı jurnalist və fəalları izləyir

İyulun 18-də Fransanın Forbidden stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV bir sıra ölkələrdə İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib. Məlumatı “Turan” agentliyi yayıb.

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var. Dinləmə 2016-cı ildən etibarən həyata keçirilir. Nömrələr siyahısında telefon sahiblərinin adları göstərilməyib, amma jurnalistlər 50-dən çox ölkədən mindən çox insanı müəyyən etməyə müvəffəq olub. Onlar arasında ərəb kral ailələrinin üzvləri, 65 biznesmen, 85 hüquq müdafiəçisi, 189 jurnalist və 600-dən çox siyasətçi və məmur var.

NSO Group-un potensial müştəriləri kimi Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və BƏƏ-nin adı çəkilir, bu barədə Amnesty İnternational təşkilatının 18 iyul tarixli məruzəsində deyilir.

Azərbaycanda hakimiyyətin Pegasus vasitəsilə izlədiyi 245 nömrədən 50-si müxbirlərə, redaktorlara və media qurumlarının sahiblərinə aiddir.

Maraqlıdır ki, xüsusi xidmətlərin dinlədiyi şəxslər arasında keçmişdə müxalif olan, hazırda isə hakimiyyətə işləyən jurnalistlər də var.

Ümumilikdə, siyahıda Azərbaycanın əksər məşhur KİV-lərinin rəhbərlərinin: Mehman Əliyev (Turan Agentliyi), Elçin Şıxlı (“Ayna-Zerkalo”), Arifə Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyi), Eynulla Fətullayev (haqqin.az), Mirşahin Ağayev (Real telekanalı), Vahid Mustafayev (keçmiş ANS), Vüsalə Mahirqızı (APA agentliyi), Aynur Camalqızı (Publika.az), Qənimət Zahid (“Azadlıq” qəzeti), Bahəddin Həziyev (“Bizim yol” qəzeti), Elxan Şüküroğlu (strateq.az), Əvəz Zeynallı (“Xural”), Anar Orucov (“Kanal 13”ün təsisçisi), Əziz Orucov “Kanal 13”ün direktoru), Rauf Arifoğlu (“Yeni Müsavat”ın təsisçisi), Azər Ayxanın (“Yeni Müsavat”ın baş redaktoru) adları var.

Bundan başqa, siyahıda Mehman Hüseynov, İlkin Rüstəmzadə, Fatimə Mövlamlı, Bayram Məmmədov (mərhum) və Qiyas İbrahimov da daxil olmaqla, 40-a yaxın fəal və onların ailə üzvləri, o cümlədən Məmmədovun atası və İbrahimovun anası da var.

Siyahıda həmçinin məşhur hüquq müdafiəçiləri: İntiqam Əliyev, Rəsul Cəfərov, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlının da adı var.

Daha çox göstər
Back to top button