
ER XİN başçısı Ararat Mirzoyan Beynəlxalq İtkin Düşmüşlər Günü münasibətilə mesaj göndərib.
Mesajda deyilir ki, 2010-cu il dekabrın 21-də BMT Baş Assambleyasının qəbul etdiyi bəyanatla 30 avqustu Beynəlxalq İtkin Düşmüşlər Günü elan olundu.
“Bu gün bütün tərəfdaşlarımızın diqqətini Azərbaycanda qanunsuz saxlanılan erməni əsir və mülki şəxslərin hüquqlarının bərpası məsələsinə yönəltmək və bu məsələni bir daha qaldırmaq istəyirəm. Azərbaycan hakimiyyəti onlarla erməni hərbçinin və mülki şəxsin girov olmasını inkar edir, amma bununla əlaqədar açıq sübutlar var, ona görə də bu şəxslər avtomatik olaraq zorla itkin düşən hesab olunur.
Rəsmi Bakı Azərbaycanda girov götürülmüş erməni hərbçilər və mülki şəxslərlə bağlı məlumatların verilməsi ilə bağlı AİHM-in müvafiq qərarlarına da açıq şəkildə məhəl qoymur.
Azərbaycan beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyalarının və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 8-ci bəndinin tələblərini kobud şəkildə pozaraq, əsirlərin geri qaytarılmasına mane olmağa davam edir.
Üstəlik, Azərbaycanın ali rəhbərliyinin apardığı anti-erməni siyasətinin davamı olaraq, Azərbaycanda əsir və girov olan ermənilər işgəncələrə və qeyri-insani, alçaldıcı rəftara məruz qalırlar. Həmçinin onları yaşamaq hüququndan məhrum etmə halları da artıq qeydə alınmışdır. Erməni hərbi əsirlərin qanunsuz və saxta məhkəmələri davam edir.
Azərbaycan tərəfindən erməni əsirlərin və saxlanılmış şəxslərin real sayının və saxlanma yerinin gizlənməsi bəşəriyyətə qarşı müharibə cinayətlərinin danılmaz sübutudur”- deyə mesajda vurğulanıb.
Ararat Mirzoyan beynəlxalq tərəfdaşlarımızı və insan haqları təşkilatlarını Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqi gücləndirərək, beynəlxalq humanitar hüquq normalarına riayət edilməsini və qeyri-insani şəraitdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal azad edilməsini tələb etməyə çağırıb.