
İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiyanın Şimali Qafqaz regionu Şimali Osetiyaya işgüzar səfəri zamanı jurnalistlərə deyib ki, İran, Rusiya və Çin arasında mümkün koalisiya Qərb üçün çox ağrılı olacaq.
“Təbii ki, ABŞ və ümumilikdə Qərb İran İslam Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikası kimi beynəlxalq arenada yeni koalisiyalardan narahatdır”- deyə səfir qeyd edib.
Səfir Rusiyanı nəhəng iqtisadi, müdafiə, hərbi və texnoloji potensiala malik böyük dövlət kimi xarakterizə edib. Onun sözlərinə görə, Çin iqtisadi artım baxımından ABŞ-ı keçməyə yaxındır.
Cəlalinin sözlərinə görə, İran iqtisadi cəhətdən inkişaf etmiş ölkədir və müdafiə sənayesində böyük irəliləyişlərə nail olub.
“Odur ki, belə bir koalisiyanın yaradılması (Rusiya, İran və Çinin iştirakı ilə)Qərb üçün çox ağrılı olacaqdır” – deyə iranlı diplomat qeyd edib.
2019-cu ildə Rusiya, İran və Çin qüvvələri Hind okeanı və Oman körfəzində Dəniz təhlükəsizliyi zonası adlı hərbi dəniz təlimi keçirib.
İran Hərbi dəniz qüvvələri komandanının müavini Həbibullah Sayari deyib ki, gələcəkdə bu kimi başqa üçtərəfli tədbirlər də keçiriləcək.
O, əlavə edib ki, hazırda üç dövlətdən ibarət koalisiyanın yaradılması məsələsi müzakirə olunmaqdadır.