İranlılar Azərbaycanda həbsdə olan islam xadimlərinin vəziyyətinə baxılmasını tələb ediblər

İranda iyunun 10-da Tehran Universitetinin bir qrup tələbəsi və ictimaiyyət nümayəndələri İslam abidələrini qorumaq, eləcə də Azərbaycan həbsxanalarında məhbus olan din xadimlərini dəstəkləmək üçün aksiya təşkil ediblər, yerli media xəbər verir.
Məsələ burasındadır ki, Azərbaycanda həbsdə olan bir qrup din xadimi, xüsusilə Nardaran hadisələrindən sonra narkotik saxlamaqda ittiham olunaraq həbs edilən “Müsəlman Birliyi” hərəkatının lideri T. Bağırzadə həbsxanada dini ziyarətgahların təhqir olunmasına etiraz olaraq aclıq aksiyası keçirir və bu cinayətlər cəzasız qaldıqda, onu ölümə qədər davam etdirməyə hazır olduğunu bildirir.
Kütləvi tədbir iştirakçıları Bağırzadənin və digər azərbaycanlı din xadimlərinin portretləri ilə dayanaraq Azərbaycan Respublikasında həbsdə olan islam din xadimlərinin vəziyyətinə baxılmasını tələb ediblər.
Ötən həftə Təbrizdən olan iranlı din xadimləri də Azərbaycan hakimiyyətinə müraciət edərək, bu ölkədə polisin dini abidələri təhqir etməsini pisləyərək, Bağırzadə və digər məhkum olunmuş din xadimlərinin azadlığa buraxılmasını tələb ediblər.