Başlıcaİctimaiyyət

MTN polkovniki: “Əgər verilən qanunsuz göstərişləri icra etməsəydim, məni həbs edərdilər”

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsində metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş polkovnik Sahib Ələkbərov sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovu açıq şəkildə ittiham edib. O bildirib ki, kimləri həbs etmək, kimi azadlığa buraxmaq məsələsində göstərişləri bu şəxslər verirdi. Ələkbərov vurğulayıb ki, əgər verilən qanunsuz göstərişləri icra etməsəydi, onun özünü həbs edərdilər, azadliqorg məlumat yayıb.

“İcraatımda olan cinayət işlərində qərar verənlər Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev olub. Mən heç kim idim. Göstəriş veriblər, mən də icra eləmişəm. Baş prokuror başda olmaqla, Usubov, Şıxəliyev icraatımda olan işlərə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim”, – polkovnik Ələkbərov iyunun 13-də öz məhkəməsində belə deyib.

O, uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, bu idarənin tabeliyindəki şöbələrin keçmiş rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən sabiq MTN vəzifəlilərindən yalnız Şıxəliyev həbsdədir, digər üç nəfər haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər müxtəlif iş adamlarını saxta ittihamlarla həbsə göndərib yaxınlarından külli miqdarda pul alandan sonra azadlığa buraxmaqda ittiham olunurlar. Bu cinayət işi üzrə 30-dan artıq adam zərərçəkmiş qismində tanınıb.

Daha çox göstər
Back to top button