Həbsdə olan jurnalist Azərbaycan vətəndaşlığından imtina edib aclığa başladı
16 saylı koloniyada saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd iyunun 27-də aclıq elan edib. O, həbsdən azad olunmasını tələb edir. Bu barədə Turan-a “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatından bildiriblər.
“O, ədalətsizliyə etiraz olaraq Azərbaycan vətəndaşlığından imtina edir və Avropa İttifaqı ölkələrindən birindən sığınacaq istəyir”, – təşkilatın məlumatında deyilir.
Məmməd öz addımlarını Azərbaycanda ədalətə nail olmaq imkanlarının tükətməsi və artıq Azərbaycan məhkəmələrinin qanuni qərarlar qəbul edəcəyinə inanmaması ilə əsaslandırır.
17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi “oğurluq”, “hərbi sursat və silahların qanunsuz saxlanmasında” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.
Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.