BaşlıcaSiyasət

“Ermənistan və digərləri Minsk qrupunu həyata qaytarmağa çalışır, lakin o artıq ölüb”: Əliyev

ATƏT-in Minsk qrupunu aktivləşdirmək cəhdləri Bakını narahat edir.

Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında bildirib ki, Ermənistan və digərləri Minsk qrupunu həyata qaytarmağa çalışır, lakin bu, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

“Biz uzun illər, təqribən 30 il ərzində gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”,-deyə Əliyev Azərbaycanın beynəlxalq hüququ pozduğunu və müharibəyə başladığını bir daha etiraf etdi.

Daha çox göstər
Back to top button