
Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın “Trend” agentliyinə müsahibəsində bildirib ki, AŞ prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhün qurulması prosesində bundan sonra da şəxsən və çox fəal formada iştirak edəcək.
“Ümid edirəm ki, biz gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında yeni görüşlərin keçirildiyini görəcəyik, çünki bu format həqiqətən vacibdir. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Şarl Mişel bir sıra mühüm məsələləri müzakirə edib irəliləyişə nail olublar. Bu, Aİ-nin müxtəlif məsələlərin həlli üçün diqqət yetirəcəyi əsas formatlardan biridir. Eyni zamanda, digər səviyyələrdə də işimizi davam etdirəcəyik. Mən şəxsən öz komandamla, eləcə də prezident Mişelin ofisindən olan həmkarlarımla birlikdə müzakirə olunan bütün vacib məsələlərin həlli üçün mütləq həm Bakı, həm də Yerevanla qarşılıqlı əlaqədə olacağam. Söhbət sülh sazişindən, kommunikasiyaların bərpasından, sərhəddən gedir. Aİ-nin kömək etmək məqsədilə fəal iştirak etdiyinə və bundan sonra da iştirak edəcəyinə inandığım bir çox vacib məsələlər var”.
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, o qeyd edib ki, Aİ bu problemin həlli üçün artıq yardım əlini uzadıb.
“Biz bununla fəal məşğul olmağa davam edəcəyik. Qeyd etmək istərdim ki, liderlərin mayın 22-də keçirilən son görüşündə bu məsələ müzakirələrin mühüm tərkib hissəsi idi. Liderlər müəyyən mühüm razılaşmalar əldə etdilər və bu razılaşmalar bu məsələni həll etmək üçün keçən ay Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşündə müzakirələrin əsasını təşkil etdi”, – deyə Klaar qeyd edib ki, Aİ bu məsələnin həllinə böyük diqqət yetirməyə davam edəcək.