Rusiyanın çətin anlarda müttəfiqlərini və dostlarını qorumaq üçün kifayət qədər qüvvəsi və resursları var.
Alınan məlumata görə, bu haqda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Yerevanda media ilə söhbətində bildirib.
O, MDB məkanında gedən inteqrasiya proseslərinin sabitliyin möhkəm təminatı olduğuna əminliyini ifadə edib. Narışkin xatırladıb ki, artıq bu regionda Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatı inteqrasiya strukturları fəaliyyət göstərir:
“Həmin strukturlar onların tərkibinə daxil olan bütün dövlətlərin maraqları nəzərə alınmaqla yaradılıb. İnteqrasiya mühafizəsi vasitələri sabitliyin və təhlükəsizliyin qorunması üçün yaxşı təminatdır.
Bundan əlavə, Rusiya Federasiyasının müttəfiqlərini və dostlarını qorumaq üçün çətin günlərddə kifayət qədər gücü və resursları var” – deyərək Narışkin bildirib.
İyulun 18-də Baş nazir Nikol Paşinyan Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Baş nazir qeyd edib ki, Narışkinin səfəri Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin gündəm məsələlərini müzakirə etmək üçün daha bir fürsətdir.
Nikol Paşinyan bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq, birgə səylərin əməkdaşlığı daha səmərəli və möhkəm edəcəyinə əminliyini ifadə edib.
Sergey Narışkin səmimi qəbula görə təşəkkür edərək Ermənistan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verən yüksək səviyyəli siyasi dialoq faktını qeyd edib.
Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Həmçinin, Cənubi Qafqaz regionunda baş verən proseslərə istinad edilibdir.