
Dünən Bakı və Brüssel arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb və bu, azərbaycanlılar arasında ziddiyyətli fikirlərə səbəb olub. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fond der Leyen imzalayıblar. Azərbaycan vətəndaş cəmiyyəti və fəallarının fikrincə, Avropa Əliyev rejimi ilə insan haqlarını kobud şəkildə pozan növbəti sövdələşməyə gedir.
Bununla bağlı sosial şəbəkələrdə istifadəçilər kifayət qədər diqqətçəkən fikirlər səsləndiriblər: “Bununla da Azərbaycan müxalifətinin “Avropa kitabı”nı qapalı saymaq olar, “Mən təəccüblənirəm ki, demək olar ki, bütün müxalifət, yaxud özünü müxalifətçi adlandıran şəxslər memorandumu alqışlayırlar və heç kim avropalılardan soruşmur ki, niyə Əliyev rejimi ilə başqa sövdələşməyə gedirlər? Bu ölkədə insan haqları necə olacaq?” “Bir şey göz qabağındadır. Avropaya ancaq Azərbaycanın enerji resursları lazımdır. İnsanların problemləri ilə maraqlanmırlar”.
Avropada yaşayan azərbaycanlı bloger Manaf Cəlilzadə Twitter səhifəsində belə yazıb: “Kim deyir ki, Avropa insan haqlarını dəstəkləyir? İnsan haqlarını müdafiə etmək iddiasında olanlar Əliyev qazı ilə Azərbaycan xalqının haqqını satıblar. Beləliklə, Avropa diktator Əliyevi daha 10 il hakimiyyətdə saxlayır. Əliyev tərəfindən hər gün işgəncəyə məruz qalan azərbaycanlılarla Avropa maraqlı deyil”, Cəlilzadə yazıb.
BBC-nin Azərbaycan xidməti ilə söhbətində hüquq müdafiəçisi Anar Məmmədli bildirib ki, Azərbaycanda insan haqları məsələləri Aİ üçün prioritet olmalıdır. ““Biz çox istərdik ki, Avropa İttifaqı Azərbaycanda insan hüquq və azadlıqlarının, qanunun aliliyinin qorunması və bununla bağlı institusional islahatların həyata keçirilməsində yardımçı olsun. Lakin təəssüf ki, enerji məsələləri bu mövzuları nisbətən arxa plana çəkir. Xüsusilə də Ukrayna müharibəsindən sonra bu tendensiyanı daha çox müşahidə etməkdəyik”, – o bildirib.
Məmmədli qeyd edib ki, Aİ hüquq müdafiəçiləri və jurnalistlərin qanunsuz həbslərinə, onlara qarşı zorakılığa heç bir reaksiya verməyib. O əlavə edib ki, Aİ insan hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan hakimiyyətinə siyasi təzyiq göstərməlidir.