Əliyevin Administrasiyasından dedilər ki, qəzetə talış əsilli deputatlar kömək etsinlər: “Tolışon Sədo” qəzetinin baş redaktoru

Azərbaycanda tək Azərbaycan dilində yox, başqa xalqların dilində də qəzetlər çıxır. 2011-ci il iyunun 26-dan çap olunan, 146 sayı işıq üzü görən “Tolışon Sədo” (Talışların Səsi) qəzetinin baş redaktoru Rafiq Cəlilov AzadlıqRadiosunun əməkdaşı ilə söhbətdə daha çox qarşılaşdığı problemlərdən söz açır.
O, qəzeti öz, bir də kiçik ianələr hesabına çıxara bildiyini söyləyir. Baş redaktor hesab edir ki, dövlət, digər mətbu orqanlara olduğu kimi, onun rəhbərlik etdiyi qəzetə də yardım göstərməlidir: “”Tolişon Sado” qəzeti də Azərbaycan mətbuatının tərkib hissəsidir. Talış dilində qəzet buraxmaq rahat deyil. Qəzetin çapında hansı çətinliklərin olduğunu qəzetçilər bilirlər. Düzdür, kiçik ianələr olur, amma əsas işi mən görürəm, xərcləri mən ödəyirəm. Mətbuata dövlət dəstəyi çərçivəsində qəzetlərə edilən yardımların şərtlərini bilirəm. Orda nəşrin dövriliyi tələb olunur”.
Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək göstərmək üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlər dövlət dəstəyi almaq istəyən bütün qəzetlərə aiddir.
R.Cəlilov yardımla bağlı bir neçə dəfə dövlət başçısına müraciət etdiyini dilə gətirir: “Prezident Administrasiyasından şifahi şəkildə dedilər ki, qəzetə talış əsilli deputatlar kömək etsinlər. Amma rəsmi, yazılı cavab almamışıq. Başa düşdük ki, bu müraciətlərin səmərəsi yoxdur”.
Baş redaktor “Tolişon Sado”nu Bakıda, Sumqayıtda, talışların kompakt yaşadıqları rayonlarda yaydıqlarını söyləyir. O, qəzetin çapına və yayımına rəsmi səviyyədə maneə olmadığını, amma bəzən yerlərdə əngəllərlə üzləşdiklərini söyləyir: “Bir dəfə qəzeti Lənkəranda tutub müsadirə etdilər. Əvvəllər bağladığımız müqaviləyə əsasən, qəzet köşklərdə satılırdı. Masallıda köşkdən qəzeti yığışdırmışdılar. Bir müddət saxladıqdan sonra qaytardılar. Bir dəfə də qəzeti Lerikdə poçtda saxlamışdılar, köşkə verməmişdilər. İndi qəzeti özümüz yayırıq və satırıq. Yeri gələndə pulsuz da veririk. Çox acınacaqlı vəziyyətdəyik. Talış dilində üç qəzet çıxır, onların ikisi aktivdir. Digər azsaylı xalqların qəzetləri də bizimkinin günündədir, diqqətdən kənarda qalmışıq”.
Baş redaktor çətinliklərə baxmayaraq, qəzeti buraxmaqda davam edəcəyini söyləyir.