Azərbaycanda fəallar polisdən Baş Prokurorluğa şikayət ediblər
Fəallar Gülmirə Aslanova və Sevinc Sadıqova 30 sentyabr aksiyasında saxlanıldıqdan sonra polis əməkdaşlarının onlara qarşı zorakılıq hərəkətlərilə bağlı vəkil vasitəsilə Azərbaycanın Baş Prokurorluğa şikayət ediblər, “Turan” agentliyi məlumat yayıb.
“Bizi aksiya zamanı saxladılar və şəhər kənarındakı “maşın bazarı”na apardılar. Bizi şəhərə qaytarmalarını tələb etdik. Sevinc Sadıqova birbaşa efirə çıxanda bizi demək olar ki, maşından atdılar”, – Aslanova deyib və əlavə edib ki, polis əməkdaşlarından biri onun telefonunu əlindən alıb və fiziki güc tətbiq edib.
Onun sözlərinə görə, bundan sonra polis onları yenidən saxlayıb və Bakı Şəhər Baş Polis İdarəsinə aparıb.
Orada onlardan üzr istəyiblər və oktyabrın 6-da gəlib ifadə verməyi təklif ediblər.
“Dünən rəsmən ifadə verdik. Bizi əmin etdilər ki, oktyabrın 3-də güc tətbiq edən polisə qarşı araşdırma başlayıb”, – Aslanova deyib.
Bununla belə, fəallar vəkil Zibeydə Sadıqovanın vasitəsilə Baş Prokurorluğa şikayət göndəriblər və şikayətə bədənlərindəki zorakılıq izlərinin fotosunu əlavə ediblər.